Ermənistan mənbələri cəbhə bölgəsində atəşin dayandırıldığını xəbər verir. «Media forum» saytının məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan bir qədər əvvəl jurnalistlərə bu haqda açıqlama verib. SEYRAN OHANYANLA NƏCMƏDDİN SADIQOV TELEFONLA DANIŞIB
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri martın 4-də səhər saat 5-də Mardakert rayonunun (ləğv olunmuş Ağdərə rayonu – red.) 3,5 kilometrliyində yerləşən Levonarx kəndini atəşə tutublar: «Atəş nəticəsində «DQR» ordusunun baş leytenantı yaralanıb, Azərbaycan tərəfdən də ölən və yaralananlar var».
S.Şahsuvaryanın dediyinə görə, Azərbaycan ordusu ön mövqelərdən birini ələ keçiriblər, sonradan isə cavab atəşi nəticəsində öz mövqelərinə çəkiliblər. Mətbuat katibi qeyd edib ki, səhər saat 8-dən atışma intensiv olub, saat 15-də isə ermənilər əvvəlki mövqelərini bərpa ediblər.
Mətbuat katibi Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri baş qərargah rəislərinin (Seyran Ohanyan və Nəcməddin Sadıqov – red.) insidentlə bağlı fikir mübadiləsi apardığını da deyib.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu «Media forum»a açıqlamasında Ermənistandan gələn son xəbərlər, o cümlədən Seyran Ohanyanla Nəcməddin Sadıqovun təması haqda məlumatla bağlı heç nə bilmədiyini deyib.
Xatırladaq ki, bu gün cəbhənin Tərtər istiqamətində atəşkəs ciddi şəkildə pozulub. Ayrı-ayrı informasiya agentlikləri ölən və yaralananlar barədə xəbər yaymaqdadır. «Trend»in məlumatına görə, atışma zamanı üç əsgərimiz şəhid olub.
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Yerevanda mətbuat konfransı keçirərək Azərbaycan ordusunun Dağlıq Qarabağ ərazisində, Mardakert rayonu istiqamətində (ləğv olunmuş Ağdərə rayonu – «Media forum») erməni mövqelərini ələ keçirmək üçün hücum əməliyyatı reallaşdırdığını deyib.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Oskanyanın sözlərini uydurma adlandırıb. Nazirlik nümayəndəsi atışma və onun nəticələri barədə açıqlamanın olacağını da bildirib.
Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-leytenant Nəcməddin Sadıqov ANS televiziyasına açıqlamasında cəbhə bölgəsində atəşkəsin sürəkli pozulmasını Ermənistanda siyasi vəziyyətlə bağlayıb: «Ermənistan atəşkəs rejimini pozaraq ölkədə yaranmış daxili gərginlikdən diqqəti yayındırmaq məqsədilə Azərbaycan ordusunu hərbi hərəkətlərə təhrik etməyə cəhd göstərib. Azərbaycan ordusu layiqli cavab verir və biz öz dövlətimizin müstəqilliyini qorumağa tam qadirik».
Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS TV-yə bildirib ki, atəşkəsin pozulması Ermənistanın növbəti təxribatıdır və ölkədə yaranmış daxili siyasi gərginlikdən həm erməni xalqının, həm də beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi güdür: «Azərbaycan Silahlı Qüvvələri öz mövqelərini etibarlı surətdə qoruyur, heç bir təxribata uymur və düşmənin istənilən hücumunu dəf etməyə hazırdır».
ANS-ə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, atəş Ermənistan tərəfdən açılıb və Ermənistan silahlı qüvvələri Azərbaycan əsgərlərini cavab verməyə təhrik ediblər. //Mediaforum
Açar sözlər: war karabakh seyran-ohanyan necmeddin-sadiqov sehid
