Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli məsuliyyətsiz qərarı Qərbi Azərbaycan və Qarabağdakı soydaşlarımıza çox baha başa gəldi
Tarixi həqiqətdir ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan deyilən dövlət olmamışdır. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra, imperiya dağılmış və onun keçmiş ərazilərində yaşayan bir sıra xalqlar öz müqəddəratlarını təyin etmək hüququ əldə etdilər. 1917-ci ilin martından 1918-ci ilin mayın 26-dək Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və 1804-1813, 1826-1830-cu illərdə və XX əsrin I yarısında Azərbaycan ərazilərinə (İrəvan, Naxçıvan və Qarabağ) keçmiş Rusiya vs Sovet imperiyalarının hərbi-strateji maraqlarını təmin etmək məqsədilə köçürülən ermənilər birləşdilər.
1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Azərbaycandan olan deputatlar Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər.Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun türk ordusu tərəfindən tutulduğunu qeyd edir və İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi məsələsini müzakirə etməyi təklif edirlər. Müzakirələrdən sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz zərurət olduğu, Azərbaycan xalqı üçün isə qaçılmaz acı bir bəla olduğu Milli Şura üzvləri tərəfindən etiraf edilir. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı onun AXC-nin xarici işlər naziri M.H.Hacinskiyə 1918-ci il mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəlixan məktubunda yazırdı ki: “Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatumumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərə güzəştə getdik.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdir. Ölkə prezidenti öz fıkri ilə tarixi həqiqəti təsdiqləmişdir. Bəs bu tarixi həqiqət arxiv sənədlərində öz əksini neçə tapmışdır, bu hadisələr necə baş vermişdir sualına cavab tapmaq üçün arxiv sənədlərinə müraciət edək. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi ilə bağlı məsələ müzakirə olunur. Birinci dəfə məsələ müzakirə edilərkən iclasda Milli Şuranın 28 nəfər üzvü iştirak edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf qalmaqla 8 nəfərin hansı mövqe tutduğu göstərilmir. Həmin gün, keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov. M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə qarşı etiraz ərizəsilə müraciət etsələr də, iştirak edən 26 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verirlər. İrəvandan olan deputatların yazılı şəkildə təqdim etdikləri etiraz məktubu işə tikilsə də indi bu sənəd arxivdə yoxdur. Milli Şura üzvlərinin bu məsələdə tutduqları belə bir mövqe bir sıra suallar doğurur. İrəvan şəhəri ermənilərə güzəştə gedərkən şəhər əhalisinin və onları təmsil edənlərin rəyi soruşulmuşdumu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv olduğunu bir daha təsdıq edir. Digər tərəfdən, bu şəhərin ermənilərə verilməsi məsələsi Erməni Milli Şurası tərəfindən Azərbaycan Milli Şurasına müraciətindən sonra müzakirə olunmuşdu. Buradan haqlı bir sual doğur. Müzakirələr zamanı Milli Şura üzvləri yaranmış vəziyyəti nəzərə alaraq bu ağır bəladan imtina edə bilərdilərmi, mümkün idimi və başqa xalqların tarixində buna oxşar bir hadisə baş veribmi? XIX əsrdə Fransa tarixində baş vermiş mühüm bir hadisə belə bir fikir yürütməyə əsas verir ki, Milli Şura üzvləri torpaq məsələsi haqda müzakirələr aparılarkən belə bir səhv addım atmaya bilərdilər. Çünki onların əksəriyyəti Avropa və çar Rusiyası Universitetində təhsil almış insanlar olduqları üçün Avropa tarixini və o cümlədən beynəlxalq hüquq məsələlərini çox gözəl bilirdilər. Odur ki, 1815-ci ildə Napoleon Bonapart məğlub edildikdən sonra Vyana konqresinə toplaşan qalib dövlətlərin başçıları bütün Avropanın, o cümlədən Fransanın taleyini həll etməli idilər. Fransanın ağır vəziyyətə düşdüyünü görən ölkənin xarici işlər naziri Taleyran çıxış yolu kimi legitimlik prinsipi deyilən bir diplomatik vasitədən istifadə etmək qəranna gəldi. Legitimlik prinsipinin əsas mahiyyəti ondan ibarət idi ki, qalib dövlətlər Avropa xalqlarının gələcək taleyini həll edərkən Fransanın 1792-ci ilə qədər olan təbii sərhədlərinə toxunmamalı idilər. Bu uğurlu diplomatik vasitədən istifadə edən Taleyran konsensusdən əvvəl qalib dövlətlərin başçıları və xarici işlər nazirləri ilə görüşdü və demək olar ki, öz istəyinə nail oldu və beləliklə ölkənin ərazi bütövlüyünü qoruya bildi. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların bir çoxu bu tarixi çox gözəl bilirdi. Digər tərəfdən, 1918-ci ilin may və sentyabr aylarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyət Azərbaycanın hər halda xeyrinə olduğu halda belə onlar bundan istifadə edib İrəvan şəhərini güzəştə getməyə bilərdilər. Amma çox təəssüf! Qeyd etmək lazımdır ki, İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99.908.86 kv.km təşkil edirdi. 13.983.10 kv. kilometr ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 7.913.17 kv.km təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. Sovet Rusiyası hökuməti Gürcüstan və Ermənistan missiyaları ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya ermənilər, ya da gürcülər təmsil edirdilər. Azərbaycanlılar isə nə ermənilərin, nə də gürcülərin nümayəndə heyətlərinin tərkibinə daxil edilmirdilər. 1920-ci il avqustun 10-da İrəvan şəhərində Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən, bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi ki, “... məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər. İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtarır ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi planı Leninin razılığı ilə Stalin tərəfındən hazırlanmışdı. Çünki sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da Stalin tərəfindən həyata keçirilmişdi.
1920-ci il noyabrın 4-də Stalin, Orconikidze, Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Rusiya ilə Ermənistan arasındakı müqavilənin şərtlərinə toxunularkən Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: “Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər”.
İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fıkrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə Stalinin bu məsələ ilə RK/b/P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq razılaşdırılmışdı. Bu qərarın özü də bir daha göstərir ki, Azərbaycan torpaqları hərraca qoyulmuşdu. V.İ.Lenindən sonra SSRİ dövlətinə rəhbərlik edən İ.V.Stalin bu hərracın təşkilatçısı kimi “Mən Azərbaycanın müstəqilliyi tərəfdarı deyiləm” - deyə Azərbaycana öz düşmən mövqeyini bildirmişdi.
Həmin qərarın “B” bəndində yazılırdı “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir”. Qərarın “Q” bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, “d” bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyi göstərilirdi.
Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə Sovet Rusiyasının təzyiqi ilə “bağışlanması” istiqamətində daha bir ciddi addım 1920-ci il dekabırın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən, təntənəli “tarixi” iclasında N.Nərimanov Bəyanatla çıxış etdi. Lakin qeyd etmək lazımdır ki, N.Nərimanovun bəyanatı Ermənistanda yaxın və uzaq gələcəkdə Dağlıq Qarabağla əlaqədar məsələ qaldırmaq məqsədilə, İrəvanda ermənicə nəşr olunan “Kommunist” qəzetinin 1920-ci il 7 dekabr tarixli nömrəsində saxtalaşdırılmış məzmun dərc edilmişdi. Sonralar N.Nərimanov özü Bəyanatda elan edilən faktların saxtalaşdırılmasına etiraz etmişdi. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə demişdir: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir.” Göründüyü kimi, əgər XI Qızıl Ordunu Azərbaycanı işğal etmək üçün A.Mikoyan dəvət etmişdirsə, ondan sonra onun torpaqlarını siyasi hərraca qoyan İ.V.Stalin olmuşdur. 1920-ci il dekabrın 2-də İ.Stalinin “Azərbaycanın fatehi” adlandırdığı S.Orconikidze V.İ.Leninə və İ.Stalinə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi elan edilən kimi həyata keçirilmədi. N.Nərimanov ZSFSR İttifaq Sovetinin sədrlərindən biri olarkən Leninə yazdığı məktubda “Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana güzəştə gedir və bu, düzəlməsi mümkün olmayan həlledici səhvdir” - deyə etiraf etmişdi.
Ermənilər Zəngəzurun ələ keçirilməsini asanlaşdırmaq və sürətləndirmək məqsədilə qəzanın onlar tərəfindən tutulan sahələrində möhkəmlənərək bölgənin digər hissələrində - Aşağı Zəngəzurda Kürdüstan yaradılması “ideya”sını irəli sürmüşdülər. Əslində əsas məqsəd Rusiyanın Azərbaycanda yenidən möhkəmlənməsini təmin etməkdən, bu niyyətlə də Azərbaycanın daim təzyiq altında saxlanılmasından, Zəngəzurun tədricən, hissə-hissə Ermənistana verilməsinə nail olmaqdan ibarət idi.
Zəngəzurun və digər ərazilərin itirilməsi o zamankı Azərbaycan rəhbərliyinin 1920-ci il 1 dekabr tarixli Bəyanatı ilə verdiyi vəddə öz sərvətlərinin qapılarının Ermənistanın üzünə geniş açmasına dərhal əməl etməsi, hələ müharibəyə və daşnakların ərazi iddialarına son qoyulmasının, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qurtarmamış, “qonşu və dost xalqa” hərtərəfli yardım göstərilməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da qəzanın onun idarəçiliynə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar çıxardı. Nəhayət, uzun müzakirələrdən sonra Zəngəzur qəzasının köhnə inzibati sərhədlərdə saxlanması qərara alındı. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi.
Zəngəzurun Azərbaycan əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyadzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehribə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi Nüvədi, Ernəzir və Tuğut-Ermənistana verildi.
1938-1939-cu illərdə Ernəzir kənd kollektiv təssərüfatı Nüvədi kəndi, Tuğut kəndi isə ermənilər yaşayan Astazurla birləşdirildi, hər iki kəndin doğma yerlərindən Nüvədi, Əldərə və Astazura kəndlərinə köçürüldü.
Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə “bağışlanması” və burada Mehri rayonunun təşkili ilə Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvandan ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Şimali Azərbaycan parça-parça edildi, bununla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı.
Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə, həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Türkiyə dövlətinin razılığı olmadan Zaqafqaziya Sovetləri MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kv.km sahəsi Ermənistana verildi. Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə Şərurun Sədərək vo Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi.
XX əsrin 40-cı illərinin ikinci yarısında mərkəzi hökumətdəki nümayəndələrinə arxalanan erməni millətçiləri azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi-etnik torpaqlarından qovulub çıxarılması və ilk növbədə Qarabağın qoparılıb Ermənistana verilməsi tələbini irəli sürdülər. 1945-ci ilin payızında Ermənistan SSR rəhbərliyi növbəti dəfə ÜİK(b) PMK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsini qaldırdı. Azərbaycan SSR-ə o zaman rəhbərlik edən M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə (tam məxfidir qrifi ilə) ÜİK(b) PMK katibi G.M.Malenkova göndərdiyi cavab məktubunda Sovet hakimiyyəti illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırdı və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail oldu. Lakin rədd cavabı verilməsinə baxmayaraq ermənilər 1946-cı il oktyabırın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı fərman verilməsinə nail oldular. Xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə repartasiyası “Daşnaksütun” partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repartasiyanın “azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi” şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqoryan kilsəsi də xeyir-duasını vermişdi.
Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməsi idi. O zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilənlərin sayı 10,504, 1949-cu ildə 15,713 nəfər, 1950-ci ildə 12,332 nəfər, 1952-1953-cü illərdə 13,760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-də deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir.
Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.
80-ci illərin ikinci yarısında, SSRİ-də “yenidənqurma” prosesini mərkəzdənqaçan qüvvələr fəallaşdırdığı vaxt erməni amilindən “Bəla imperiyası”nı dağıtmaq istəyən dövlətlər də geniş bəhrələnməyə çalışdı. “Erməni genosidi” faktı 1987-ci il iyulun 18-də Avropa parlamenti tərəfindən tanındı. Erməni “genosidi” qurbanlarına xatirə günü təsis edildi.
Həm Rusiya, həm də Avropa tərəfindən himayə olunduqlarını görən erməni millətçiləri türk soyqırımına, terrora əsaslanan qanlı siyasətlərini-”Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm xülyanı reallaşdırmaq cəhdlərini yenidən fəallaşdırdılar. Ermənilərin tələbi ilə 1984-cü ilin oktyabr ayında Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla ərazi Ermənistana verildi (bu barədə protokolu Moskvanın təzyiqi ilə Azərbaycan Ali Soveti hələ 1938-ci il mayın 2-də təsdiq etmişdi). Lakin yerli camaat müqavimət göstərir, torpaqlarını əldən vermirdi. Azərbaycanın qanunverici orqanı bu bədnam qərarı 1969-cu il mayın 7-də təsdiq etmişdi. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər Əliyev onun icrasına yol vermədi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılması ermənilərin öz niyyətlərini reallaşdırmaq limitini artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə dövlət başçısının əsabələrindən biri olan akademik Abel Aqenbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Aqanbekyan “Humanite” qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirdi.
Erməni hərəkatına bir qrup erməni millətçisi arxasından yenə də kommunist-daşnaklar, DTK agentləri rəhbərlik edirdi. Moskvada ermənilərin “Milli müqəddəratı müstəqil təyin edilməsi birliyi” və “Siyasi məhbusların müdafiəsi üzrə erməni komitəsi” də bu istiqamətdə fəal iş aparırdı. “Qarabağ” komitəsinin Azərbaycanda, xüsusən Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı “Krunk” adı altında açıq fəal mübarizəyə başlamışdı, “Miatsum” (birləşmə) hərəkatı genişlənirdi. 1988-ci il martın 2-də “DQMV-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi”-iri müəssisə rəhbərlərini birləşdirən 55-lər komitəsi yaradılmışdı.
1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan - 185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kürd və bir rus Ermənistandan çıxarıldı. Ermənistan, demək olar ki, monoetnik bir respublikaya çevrildi.
1992-ci il fevralın ortalarında düşmən növbəti dəfə Qarabağlı kəndinə güclü hücuma başladı. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra ermənilər Qarabağlını ələ keçirib onun 92 müdafıəçisini və 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar. Qalan əhali əsir alındı. Təcavüzkar Ermənistan hökuməti Azərbaycana qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı.
Erməni quldurları Rusiyanın Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqmi faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər.
1992-ci il fevralın 25-də saat 21-də erməni hərbi birləşmələri, 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər.
Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 83 azsaylı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.
Hadisələri ilk olaraq videolentə alan jurnalist Çingiz Mustafayev qeyd edirdi ki, “öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi”. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Gnet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla onları arxada qoydular”.
Erməni faşistləri Rusiya Fedarasiyasının hərbi dairələrinin köməyinə arxalanaraq 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparmış və nəticədə Azərbaycanın 1 milyondan çox vətəndaşı öz ölkəsində qaçqına çevrildi. Hərbi təcavüz nəticəsində 100 000 nəfər yaralanmış, 50 000 şikəst olmuş, 4853 nəfər itkin düşmüş və onlardan 439 nəfəri əsirlikdə öldürülmüş, 783 nəfər isə indiyə qədər əsirlikdədir.
Bundan əlavə işğal Azərbaycan ərazisində 946 yaşayış məntəqəsi 6 min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 mln. kv/m olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı 44 məbəd, 9 məscidin məhvinə səbəb olmuşdur. Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz nəticəsində vurulan maddi zərərin həcmi 60 milyard dollardan çoxdur.
Beləliklə, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən edilən deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min km2 ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazisi işğal edilmiş, 2,5 mln. nəfər əhalisi məhv edilmişdir. Buraxılan bir siyasi səhvin acı nəticələri budur. Belə olan şəraitdə nə etmək olar? İlk növbədə Azərbaycan Milli Məclisi AXC-nin varisi olmaq hüququndan istifadə edərək 1918-ci il may ayının 29-dan 1991-ci ilə qədər Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq onun əraziləri ilə bağlı qəbul edilmiş bütün qərarları ləğv etmək səlahiyyətinə malikdir. Şübhə etmirəm ki, bu istiqamətdə atılan hər hansı bir addım Azərbaycan xalqı tərəfindən müdafiə olunacaqdır.
Cəbi Bəhramov
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun elmi işlər üzrə direktor
müavini, tarix elmləri namizədi
Mənbə: Yeni Çağ
Açar sözlər: azerbaycan azərbaycan axc adr 1918

