Reklam verin!
Türkcülük vücudumuz, İslamiyyət ruhumuz, Elmdə İnqilab isə düşünən beynimizdir!

Dont say
 

Harid Fədai: "40-50 ildən sonra Azərbaycan türkü ilə Türkiyə türkünün danışığı bir-birini tamamlayacaq"

Elçin Qaliboğlu

Bakıda AMEA Folklor İnstitutu tərəfindən düzənlənən "Ortaq türk keçmişindən Ortaq Türk gələcəyinə" adlı V Uluslararası Folklor konfransına Türk Dünyasının müxtəlif ölkələrindən qatılanlar sırasında Quzey Kıbrıs Türk Cümhuriyyətindən olan tanınmış araşdırmaçı Harid Fədai də var. Onunla Türk Dünyasının mövcud mənəvi problemləri ilə bağlı söhbətləşdik.
Harid bəy 1930-cu ildə anadan olub, türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Bu vaxta kimi divan ədəbiyyatı və türkcə söz düzümü, həmçinin Türkiyə və Kıbrıs folkloru ilə bağlı araşdırmalar aparıb.

- Elmdə hansı sahə ilə məşğulsunuz?

- Araşdırmalarımı əsasən Kıbrıs türk kültürü təşkil edir. İndiyə kimi 250-dən artıq bu yöndə elmi məqaləm, 25 kitabım işıq üzü görüb. Türk Dünyasının harasında olmuşamsa, həmişə Azərbaycan haqqında sevgilərlə danışmışam. Hələ uşaq ikən bu ölkə haqqında eşitmişdim. Babamın dayısının xanımı vardı, tez-tez bizə maraqlı məsələlər anladardı. Onu da deyim ki, bu məsələlərin çoxu Azərbaycana aid idi. O qədər gözəl, mənalı idi ki, uşaq ikən ağlıma necə yerləşdisə, indi də hamısı yaddaşımdadır. O vaxtdan Azərbaycan haqqında təsəvvürlərim yaranmağa başlayıb. Fikirləşirdim ki, nə vaxtsa qismət olar, Azərbaycana gedərəm. Məlumdur ki, sovet imperiyası dövründə SSRİ öz qapılarını xüsusən Türkiyənin üzünə bağlamışdı. Türklərin bir-biri ilə əlaqə yaratması, dərdləşməsi tamamilə mümkünsüz olmuşdu. Sovet imperiyasının süqutundan sonra artıq bizim türkdilli ölkələrlə əlaqələrimizin yeni səviyyəsinin yaranması üçün imkanlar ortaya çıxdı. Şəxsən mən qan qardaşlarımla mənəvi bağlarımızın möhkəmlənməsi üçün ilk imkan yaranan kimi Azərbaycana gəldim. Azərbaycana hər gəlişimdə özümü ruhən çox güclü hiss etdim, çünki doğma bir yerdə idim. Ümumiyyətlə, 90-cı illərdən etibarən ildə bir neçə dəfə Azərbaycana gəlib-gedirəm.

- Azərbaycan türk ruhu özlüyündə müstəqil olaraq türklüyümüzü ifadə edir. Həmçinin Türk Dünyasının bənzərsiz dəyərlərini həmişə sayğı ilə özünün doğması, əslində ruhunun sorağı sayır. Maraqlıdır, Azərbaycan türk dəyərləri haqqında bilginiz tamdırmı?

- Mən Azərbaycan ədəbiyyatını, mənəvi mədəniyyət tarixini tam araşdıra bilmədim. Amma Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin müqayisəsi əsnasında yaxşı qənaətlərə gələ bildim. Bir daha əmin oldum ki, bu iki türkcə arasında çox az fərq var. Hesab edirəm ki, fərqin hiss olunduğu əhəmiyyətli kəlmələri bir yerə toplasaq, 200-ü keçməz. Şəxsən mən Azərbaycan türkcəsində danışan hər hansı bir soydaşımızı çox asan anlayıram, onunla çətinlik çəkmədən ünsiyyət qururam. Mənim araşdırmalarım dil və ədəbiyyat məsələləri ilə bağlıdır. Ümumən türk dili və ədəbiyyatı ilə bağlı araşdırmalar apararkən gördüm ki, ədəbiyyat nümunələrimiz arasında da ilk növbədə ruh sarıdan bənzərlik var. Məsələn, Türkiyə Kültür Bakanlığı bir silsilə "Türkiyə dışındakı türk ədəbiyyatı antologiyası"nı çap etdi. Orada şübhəsiz, Azərbaycanla da bağlı soraqlar vardı. Kıbrısla bağlı materialları mən hazırladım. Azərbaycanla bağlı soraqları o zaman başqa türk xalqlarının ədəbiyyatı ilə müqayisə etdim, ilk növbədə ruh bağlılığını müşahidə etdim. Ta qədimlərə, yəni folklor, mifologiya nümunələrinə dayandıqca bunların bir-biri ilə mövzu və məzmunca daha yaxın olduğunu görürsən. Bu gün demək olarmı ki, Füzuli daha çox Azərbaycanın şairidir? Yəni o, ruhən həm də bütün türklərin şairi deyilmi? İmadəddin Nəsimi haqqında da bunu demək olar. Mən bu şairlərin Azərbaycanın olmadığını isbat edə bilmərəm. Amma bu zirvələr həm də bütün türk dünyasının ortaq mənəvi dəyərləridir. Bu şairlərin yaradıcılığına baxıram, görürəm ki, bugünkü Azərbaycan türkcəsinə, həm də bizim divan ədəbiyyatına yaxındır.

- Həmçinin Mövlana Cəlaləddin Rumi ilə Füzulinin ruhu arasında böyük bir doğmalıq, yaxınlıq var.

- Çünki hər ikisi türk ruhundan soraq verir. Türkiyədə Yunis İmrənin, Ruminin yetişməsi bizim ən böyük mənəvi şansımızdır. Nizami Gəncəvi də Türk Dünyasının ortaq mənəvi dəyəridir. Bütün bunları ümumiləşdirib onu demək istəyirəm ki, həm dil, həm də ədəbiyyat sarıdan Azərbaycanla Türkiyə arasında bağlılıqlar hədsiz çoxdur, fərqlər azdır.

- Bu gün türk xalqları arasında ortaq türkcə ilə bağlı hansı fikirdəsiniz?

- Bu məsələ Azərbaycanla Türkiyə alimlərinin, türkoloqlarının indən sonra daha çox diqqət mərkəzində olmalıdır. Türk dillərinə zaman-zaman çoxlu yad sözlər daxil olub. Azərbaycan SSRİ-nin əsarətində olan zaman bu türcəyə çoxlu rus və əcnəbi sözlər daxil oldu. Məncə, Azərbaycan türkcəsi ilə bağlı indi ən əsas məsələ bu tipli əcnəbi sözlərin dildən tədricən, əsaslı şəkildə çıxarılmasıdır. Məsələn, universitetlərin bölümlərinin adlarını yazarkən belə rus sözlərindən geninə-boluna yararlanmanın şahidi olmuşam. Halbuki Türkiyə türkcəsində bütün bunların çox uyğun qarşılığı var. Mən bu sarıdan Türkiyə türkcəsindən bəhrələnmənin olmadığına təəssüflənirəm.

- Çox sevdiyimiz Türkiyə türkcəsində də təəssüf ki, bu gün xeyli ərəb-fars, hətta gözəl türk sözlərini sıradan çıxaran Avropa mənşəli sözlər var. Bu sarıdan Azərbaycan türkcəsindən müəyyən sözləri əvəzləyici olaraq götürmək çox gözəl olmazdımı?

- Təbii, bu gün belə cəhətlər təəssüf ki, var. Bu da Türkiyə türkcəsinin problemidir. Hazırda bizdə də ingiliscədən Avropa sözləri daxil olur. Mağazaların adları tamamilə əcnəbiləşir. Azərbaycanda da belə hallar çox artıb. Bu məsələlərin hesab edirəm ki, daha geniş səviyyədə, ardıcıl olaraq müzakirə edilməsi gərəkdir. Azərbaycan Yazıçılar Birliyinin başqanı Anar bəylə bu məsələləri müzakirə etdik.

- Hər halda ortaq türkcə probleminin həlli yolu ilk növbədə öz türkcəmizdə təməl, anakök sözlərimizdən yeni sözlərin yaradılmasından keçir. Maraqlıdır, bu yöndə Türkiyənin, Kıbrısın dilçiləri, türkoloqları nə düşünürlər?

- Onlar da mənim dilə gətirdiyim qayğılarla şərikdirlər. Dilin özünəməxsus özgürlüyü var. Əgər dili başqa dillər istila edərsə, o zaman bu, həmin dilin asılılığı demək olur. Biz türklər yabançı dillərə qarşı deyilik. Başqa dilləri öyrənmək pis hadisə deyil, gərəklidir. Lakin soydaşlarımızı ilk növbədə öz ana dillərimizə sayğı üstə kökləməliyik. Qoy onlar ilk növbədə ana dillərini sevsinlər, bu dilin qoruyucusu olsunlar. 8-9 il qabaq belə bir inadla çıxış etdim ki, yabançı dillə təhsilə qarşıyam. Kıbrısdakı universitetlərdə həmçinin yabançı dillə tədris həyata keçirilir. Halbuki bu tədrisi ilk növbədə ana dili vasitəsilə gerçəkləşdirmək mümkündür. Amma övladlarımız ilk öncə ana dilimizi mükəmməl öyrənməlidirlər.

- Ortaq türkcənin gələcəyini necə görürsünüz?
- İlk növədə gərəkli olan Azərbaycan və Türkiyə türkcələrinin bir-birləri ilə qarşılıqlı əlaqəsinin gücləndirilməsidir. Mən inanıram ki, uzaqbaşı bu gedişlə 40-50 ildən sonra Azərbaycan türkü ilə Türkiyə türkünün danışığı bir-birini tamamlayacaq. O zaman bu ortaq türkcənin hansının Azərbaycan, hansının Türkiyə türkcəsi olduğu bilinməyəcək. Bu türkcə türkləri birləşdirən kültür türkcəsi olacaq. Və şübhəsiz ki, hər bir türk xalqı özünün dilini qoruyub saxlayacaq.

- Bu yaxında Azərbaycanın bir neçə qəzetinin baş redaktorları Türkiyədə səfərdə olarkən Türkiyədə Azərbaycan, Azərbaycanda isə Türkiyə mədəniyyət mərkəzinin açılması ideyası irəli sürülüb. Bu məsələyə münasibətiniz necədir?

- Bu, son dərəcə gərəkli məsələdir. Çünki Türk Dünyasının bu sarıdan da problemləri hədsiz çoxdur. Bu məsələlərin hamılıqla oturub bir masada çözülməsi qaçılmazdır. Hər halda Türk Dünyasının ziyalıları bu yöndə məsələləri müzakirə etməli, sonda ortaq fikrə gəlməldirilər.    "Azərbaycan türkləri parlament seçkilərində fəal olmayacaqlar"

Qulamrza Səbri Təbrizi: "Artıq soydaşlarımızın aldanması mümkün deyil"
Azərbaycan türkləri İranda keçiriləcək yeni parlament seçkilərinə ümidsiz yanaşır. Çünki illər boyu parlament seçkiləri ölkədə yenilik yaratmayıb və demokratik, şəffaf və ədalətli keçirilməyib. Ümumiyyətlə, İranda keçiriləcək parlament seçkiləri azərbaycanlılara münasibəti də dəyişməyəcək. Bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi bildirib. Onun sözlərinə görə, artıq Azərbaycan türklərinin aldanması mümkün deyil. Çünki öz milli kimliklərini dərk ediblər. Bu baxımdan soydaşlarımız parlament seçkilərində fəallıq nümayiş etdirməyəcəklər: "Təbii ki, parlament seçkiləri şəffaf, demokratik və ədalətli keçirilərsə, həmin marafona qatılmaq olar. Ancaq İran kimi ölkədə belə bir şey mümkün deyil". DAK sədri qeyd edib ki, İran parlamentinə Güney Azərbaycan bölgəsindən yerli əhalinin hüquqlarını müdafiə edən, öz millətini, vətənini sevən insanların seçilməsi yaxşı olar. Ancaq bu cür ziyalıların seçki marafonuna qatılmasına imkan verilmir.


 
 
Mənbə: Xalq Cəbhəsi


Açar sözlər: türk dili türküstan türkistan turan 

Yazar: Zyklon-B | Tarix: Yanvar 22, 2008 0:39 | Türk Dünyası, Türkcülük | Şərhlər(0) | Baxış sayı: 179

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha