
“Türk dövlətlərinin ərazisində yayımlanacaq və mədəniyyəti təbliğ edəcək ortaq telekanalın fəaliyyətə başlaması ilə bağlı artıq müəyyən müzakirələr aparılıb.
Prinsip etibarilə belə bir ideyanın artıq real olduğunu deyə bilərik. Uzun müzakirələrdən sonra bu telekanalın iş imkanları, əsas mövzuları, dili ilə bağlı məsələlər artıq müəyyənləşib. Praktik olaraq belə bir kanalın açılmasına heç kim etiraz etmir. Kanalın maliyyə məsələsini türk dövlətlərindən biri və ya hansısa beynəlxalq şirkət öz üzərinə götürəndən sonra bu məsələ tam konkretləşəcək”. Bu eksklüziv açıqlamanı APA-ya millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov verib. O bildirib ki, türk xalqlarının inteqrasiyası son vaxtlar daha da sürətlənib: “Ən asan yaxınlaşma yolu mədəniyyət vasitəsilə baş tutur. Bu, elə bir sahədir ki, burda diplomatik problemlər ortaya çıxmır. Məncə, bu kanalın fəaliyyətə başlaması məsələsi bu il reallaşacaq”. Yeni kanalda türk dünyasının mədəniyyətinə və tarixinə xüsusi yer ayıracağını, ortaq mədəniyyət texnologiyalarının təqdim olunacağını və müasir mədəniyyətin təbliğ ediləcəyini deyən N. Cəfərov kanalın Türkiyə türkcəsinə yaxın olan ortaq türkcədə efirə çıxacağını da bildirib: “Bu kanalı iki formada maliyyələşdirmək olar. Kanal üçün hər bir türk dövlətinin büdcəsindən müəyyən miqdarda maliyyə ayrıla bilər və ya türk dünyasının gələcəyini düşünən bir beynəlxalq şirkət bu vəsaiti ödəyə bilər”. Millət vəkili telekanalın əsas ofisinin Türkiyənin İstanbul şəhərində yerləşməsinin daha məqsədəuyğun olduğunu düşündüklərini də söyləyib. Amma televiziyanın bütün türk dövlətlərində ofislərinin olması da planlaşdırılıb.
Kanalın baş direktoru olacağı söylənilən telejurnalist Mehriban Ələkbərzadə isə artıq kadrlar cəlb edilməsi ilə bağlı xəbəri təsdiqləməyib: “Mən Azərbaycanda televiziya fəaliyyətimə nöqtə qoymuşam. Əgər bu sözümü geri götürüb telejurnalist kimi fəaliyyətə başlasam, bu barədə birinci özüm xəbər verəcəyəm. RTR-in tezliyinin “Mədəniyyət” telekanalına verilməsi və mənim bu kanala rəhbərlik etməyimlə bağlı məsələdən də xəbərim yoxdur”. Lakin M. Ələkbərzadə xüsusi vurğulayıb ki, o, yalnız Azərbaycan televiziyalarında çalışmamaqla bağlı qərar verib. Bu “veto”nun başqa ölkədə açılacaq televiziya kanalına dəxli yoxdur.
Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə RTR-in tezliyinin başqa bir telekanala verilməsi ilə bağlı informasiyaların əsası olmadığını deyib. Onun sözlərinə görə, belə bir müzakirə aparılmır və yaxın vaxtlarda belə müzakirə də nəzərdə tutulmayıb. Əgər Rusiya tərəfi Azərbaycan kanalının Rusiya ərazisində, Moskva və Moskva ətrafında yayımına icazə verərsə, onda biz də Rusiya kanalının Azərbaycanda yayımı məsələsinə yenidən baxa bilərik”. N. Məhərrəmli ortaq mədəniyyət televiziyası ilə bağlı hər hansı müraciətin və müzakirənin aparılmadığını da vurğulayıb./APA/
Açar sözlər: turan

